İQTİSADİYYAT
Ə.Əmirov adına NQÇİ-də rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir
Bakı, 13 oktyabr (AZƏRTAC). “Azneft” İstehsalat Birliyinin Əli Əmirov adına Neft və Qazçıxarma İdarəsində fövqəladə hallar komissiyası və mülki müdafiə qərargahı üzvlərinin, şöbə, xidmət və sex rəislərinin iştirakı ilə fövqəladə halların qarşısının alınması zamanı nəzəri biliklərin artırılması məqsədilə rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məşqə idarənin rəhbərliyi, fövqəladə hallar komissiyasının və mülki müdafiə qərargahının üzvləri cəlb olunmuşdur. Tədbirdə baş verə biləcək hadisələrdən, bu hadisələrin qarşısının alınması və işçilərin mühafizə olunması üzrə tədbirlərdən ətraflı bəhs olunmuşdur. Məşq zamanı NQÇİ-nin ərazisində indiyədək baş vermiş hadisələr barədə məlumat verilmiş, bu hadisələrin qarşısının alınması və işçilərin mühafizəsi istiqamətində tədbirlərin yerinə yetirilməsi üzrə şöbə, xidmət və sex rəislərinin fəaliyyəti haqda hesabatlar dinlənilmişdir. Məşq iştirakçıları hadisələr üzrə məlumatların ötürülməsi, işçilərin təxliyyə və mühafizəsinin təşkili, qəzaların qarşısının alınması, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və s. məsələlərlə bağlı məruzələr etmiş, müzakirələr aparılmışdır.
Sonda bu nəzəri bilikləri təcrübədə tətbiq etmək məqsədilə yaxın günlərdə ilkin qəza-xilasetmə qüvvələrinin “Təxliyə məşqi”nin keçirilməsi qərara alınmışdır.