Əfsanəvi Mixaylonun abidəsi önündə
Novxanı, 5 may (AZƏRTAC). Bu günlərdə bütün sülhsevər bəşəriyyət faşist Almaniyası üzərində Qələbənin 66-cı ildönümünü qeyd etməyə hazırlaşır. Mayın 7-də Abşeron rayonunda olan Böyük Vətən Müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri əfsanəvi Mixaylonun - cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin doğulduğu Novxanı kəndində olmuşlar. Onun adı 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin salnaməsinə qızıl hərflərlə yazılmışdır.
Tədbir iştirakçıları səhər tezdən öz məşhur həmyerliləri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə toplaşmışdılar. Hazırda Abşeron rayonunda miqyasına və qəddarlığına görə misli görünməmiş bu müharibənin 38 veteranı, iştirakçısı və canlı şahidi yaşayır. Onlar məxsusi olaraq veteranlar üçün ayrılmış avtomobillərdə Azərbaycan xalqının bu şanlı oğlunun xatirəsini ehtiramla yad etmək üçün Xırdalandan Novxanıya gəlmişdilər.
Veteranlar ahıl yaşda olmalarına baxmayaraq bu gün sanki cavanlaşmış, şən və gümrah görünürdülər. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da veteranların yanında idi. Tədbir iştirakçıları abidənin önünə əklil və tər çiçəklər qoydular.
Z.Fərəcov demişdir ki, şücaətli əsgərlər, igid partizanlar bəşəriyyəti faşizm köləliyindən xilas etmək üçün canlarından keçərək onu azad etmişlər. Onların arasında Azərbaycanın igid oğlanları da vardı. Sevindirici haldır ki, siz gənclərin vətənpərvərlik tərbiyəsi işində həvəslə iştirak edirsiniz. Sizin həyat mövqeyiniz vətənpərvər insanların, layiqli vətəndaşların təqdir edilməli nümunəsidir.
Rayonun rəhbəri veteranların problemləri ilə səmimi maraqlanmış, onlar veteranların ehtiyaclarına daim qayğı göstərildiyinə görə dövlətimizin başçısı İlham Əliyevə hədsiz minnətdar olduqlarını bildirmişlər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.
######
