ELM VƏ TƏHSİL
Egon Hassel: Azərbaycanın alternativ enerji sektorunda çoxlu miqdarda enerji mənbələri vardır
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycanın alternativ enerji sektorunda çoxlu miqdarda günəş, külək, biokütlə və başqa enerji mənbələri var.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 29-da Azərbaycan Texniki Universitetində (AzTU) keçirilmiş “Bərpa olunan enerji mənbələrindən istifadə olunma perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirak edən Rostok Universitetinin professoru, AzTU-nun fəxri doktoru Egon Hassel jurnalistlərə müsahibəsində demişdir.
Bu sahədə Almaniyanın çox böyük təcrübəsi olduğunu söyləyən E.Hassel birgə əməkdaşlıq nəticəsində əldə edilən nailiyyətləri Azərbaycanda da tətbiq etməklə, mövcud potensialın sürətli inkişafına nail olmağa çalışdıqlarını bildirmişdir.
Azərbaycanın Texniki Universiteti ilə Almaniyanın Rostok Universiteti arasında elmi əməkdaşlığı diqqətə çatdıran professor elmin bir çox sahələrində, o cümlədən alternativ enerji mənbələrində istifadə olunan maddələrin istilik fiziki xassələrinin analizi istiqamətində əməkdaşlıq apardıqlarını qeyd etmişdir.