REGİONLAR
Əkinçilikdə innovativ texnologiyaların roluna həsr edilmiş təlim keçirilib
Bakı, 4 dekabr, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Kürdəmir Təcrübə Sınaq Stansiyasında “Aqrar sahənin inkişafında innovativ texnologiyaların rolu” mövzusunda təlim keçirilib. Təlimdə institutun alim və mütəxəssisləri ilə yanaşı, Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, fermerlər, kənd təsərrüfatı məhsulu istehsalçıları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai təlimdə kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların iqtisadi cəhətdən səmərəli rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında rolu, institutun bu sahədə apardığı tədqiqat işlərinin nəticələri haqqında məlumat verib.
Kürdəmir DAİM-in baş mütəxəssisi Xanbala Əsədov yeni subsidiya mexanizmi, Kürdəmir rayonunun ölkənin ümumi kənd təsərrüfatı məhsulunun istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətləri, cari təsərrüfat ilində payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə danışıb.
Sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov “Payızlıq buğdanın tirəli səpin texnologiyasında əkilməsinin üstünlükləri” mövzusunda çıxış edərək tirəli əkinlərin resurslara qənaət edən texnologiya olaraq üstünlüklərini, o cümlədən işçi qüvvəsinə, suya və toxuma qənaət edildiyini qeyd etməklə, kondisiyalı toxum çıxımının daha yüksək olmasını, bu üsulun torpağın deqradasiyanın qarşısının alınmasında və münbitliyinin qorunmasında böyük rol oynadığını diqqətə çatdırıb.
Təlimdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Kürdəmir Təcrübə Sınaq Stansiyasının direktoru Saday Məmmədov “Cərgəarası becərilən bitkilərdən sonra payızlıq buğda səpini üçün torpağın becərilməsi”, institutun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Məzahir Rzayev “Növbəli əkin tarlalarında becərilən bitkilərdən asılı olaraq torpağın becərilməsi xüsusiyyətləri” mövzularında çıxış edərək, müxtəlif bitkilərdən sonra payızlıq buğdanın səpini üçün aparılacaq torpaq becərmələri, növbəli əkin sistemində bitkilərin yerləşdirilməsi və əhəmiyyəti, eyni zamanda, becərilən bitkilərdən asılı olaraq torpağın becərilmə xüsusiyyətləri haqqında kənd təsərrüfatı məhsul istehsalçılarına geniş məlumat veriblər.
Mövzu ətrafında geniş müzakirə aparılıb və fermerlərin sualları cavablandırılıb. Sonda tədbirin proqramına uyğun olaraq fermerlərə yeni innovativ tirəli səpin texnologiyası ilə payızlıq buğda və arpanın səpininin aparılması nümayiş etdirilib.