İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” QSC ilin ilk 9 ayını uğurla başa vurmuşdur
Bakı, 24 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanvar-sentyabr aylarını uğurlu nəticələrlə başa vurmuşdur.
AZƏRTAC xəbər verir ki, QSC-nin ekoloji monitorinq departamenti cari ilin 9 ayında ARDNŞ-in qaz emalı zavodunda, “Azneft” İstehsalat Birliyinin (İB) “28 may”, “Neft daşları”, “Abşeronneft”, N.Nərimanov adına neft və qaz çıxarma idarələrində və “Kompleks Qazma İşlər” Trestinin ayrı-ayrı idarələrində, həmçinin “Balakhanı Operatinq Company LTD” şirkətinin ölkəmizdəki filialında təqvim planına uyğun olaraq ekoloji monitorinq işlərini həyata keçirmişdir.
Hesabat dövründə departamentin əməkdaşları tərəfindən “Azneft” İB-nin 10-a qədər təşkilatı, “Suraxanı OYL Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycandakı Nümayəndəliyi, “Balakhanı Operatinq Company LTD” şirkəti “Azkontakt” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Star Beton Production” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün bir sıra ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması davam etdirilmiş, sənədlər sifarişçilərə təhvil verilmişdir.
Cari ilin 9 ayında QSC-nin tullantıların emalı departamentinin (TED) 6-cı sahəsində Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) ərazisindən 7 milyon 476 min kubmetr, 7-ci sahəsində isə “Azərneftyağ” neft emalı zavodunun (NEZ) 8 milyon 822 min kubmetrdən çox sənaye çirkab suları təmizlənmişdir. Heydər Əliyev adına BNEZ-nin ərazisindən 21 min 177 ton, “Azərneftyağ” NEZ-dən isə 8 min 160 ton neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. Ötən müddət ərzində “AAS-EKOL” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olan 112 tona qədər ərsin parafini su və mexaniki qarışıqlardan təmizlənmişdir.
Hesabat dövründə QSC-nin tullantıların emalı departamenti tərəfindən “Sifarişçi” təşkilatlarından təmizləyici qurğulara daxil olan 57 min kubmetrə qədər mədən axıntı, məişət təsərrüfat, axıntı, neftli suların daşınması və təmizlənməsi, 3 min tona qədər neftşlamın, eləcə də neftli torpağın isə emalı və utilizasiyası həyata keçirilmişdir.
ARDNŞ-in sosial inkişaf idarəsi ilə olan müqaviləyə əsasən Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış Böyük Şor sahəsindən 413 min 407 kubmetrədək çirkab suları kənarlaşdırılmış, Bakı Ağ Şəhər layihəsi ərazisindən isə Heydər Əliyev adına BNEZ-nun və “Azərneftyağ” NEZ-nun istehsalat sahələrindəki gölməçələrdə yığılmış 282 min 210 kubmetrədək sənaye çirkab suları nəql edilmişdir.
Hesabat dövründə QSC-nin torpaqların rekultivasiyası departamenti Bakı Ağ Şəhər layihəsi çərçivəsində Heydər Əliyev adına BNEZ-nun və “Azərneftyağ” NEZ-nun ərazisindən 749 min 684 kubmetrdən çox neftşlamın və neftlə çirklənmiş torpaqların daşınmasını təmin olunmuşdur. Bundan əlavə, “Azneft” İB-nin H.Z.Tağıyev adına, “Abşeronneft”, “BibiHeybətneft” neft və qaz çıxarma idarələrinin mədən ərazilərində və qaz emalı zavodunun ərazisində 76 min 826 ədəd müxtəlif ağac növlərinə aqrotexniki xidmətlər göstərilmişdir.
Ötən dövr ərzində QSC-nin digər xidmət sahələrində də işlər uğurla həyata keçirilmiş, qarşılıqlı əməkdaşlıq və yeni ekoloji layihələrin icrası sahəsində bir çox xarici və yerli təşkilatlarla işgüzar görüşlər keçirilmişdir.