İQTİSADİYYAT
Ekologiya İdarəsi “8 Mart” yatağında və Bakı buxtasında ekoloji monitorinq keçirmişdir
Bakı, 18 iyul (AZƏRTAC). ARDNŞ-in Ekologiya İdarəsinin ekoloji monitorinq departamenti tərəfindən Xəzər dənizi akvatoriyasında fəaliyyət göstərən neft-qaz çıxarma idarələrinin yataqlarında ildə iki dəfə (qış-yay və yaz-payız fəsilləri) ətraf mühitin vəziyyətinin monitorinqi üzrə ekspedisiyalar həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, monitorinqin mövsümlər üzrə aparılmasının məqsədi su qatının stratifikasiyası dövrlərində dəniz canlılarının populyasiya sıxlığını, suyun üst, orta və alt qatlarında qida maddələrinin miqdarını öyrənməkdir.
İyulun 11-dən-15-dək monitorinq departamentinin ekoloji tədqiqatlar ekspedisiyası “MPK-452” gəmisi ilə “N.Nərimanov” NQÇİ tərəfindən işlənilən “8 Mart” neft-qaz yatağında və Bakı buxtası akvatoriyasında ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinq işləri həyata keçirmişdir. Monitorinq müddətində Xəzər dənizinə təsir edən parametrlərin müəyyənləşdirilməsi üçün sözügedən yatağın və Bakı buxtası akvatoriyasının hər birinin 15 seçilmiş stansiyasından dəniz suyu, zooplankton, fitoplankton və dib çöküntüsü nümunələri götürülmüşdür. Monitorinq zamanı, həmçinin su mühitinin fiziki-kimyəvi xarakteristikaları öyrənilmiş, dəniz axınlarının sürəti və istiqaməti ölçülmüş, ərazinin meteoroloji tədqiqatı aparılmışdır. “MPK-452” gəmisində su mühitinin müxtəlif dərinliklər üzrə fiziki-kimyəvi parametrləri tədqiq edilmişdir.
Götürülmüş nümunələr Ekologiya İdarəsinin kompleks tədqiqatlar laboratoriyasında analiz edildikdən sonra alınmış nəticələrə əsasən müvafiq təhlillərin aparılması nəzərdə tutulur.