DÜNYA
Ekoloqlar Şimal Buzlu okeanın sularında “metan fabriki” aşkar etmişlər
Bakı, 27 aprel (AZƏRTAC). Şimal Buzlu okeanın suları 82 dərəcə en dairəsinədək təbii metan fabriklərindən biri sayılır. ABŞ və Kolumbiya ekoloqları “Nature Geoscience” jurnalında dərc olunmuş məqalədə həyəcan təbili çalıb bildirirlər ki, iqlim dəyişmələri səbəbindən buzlaqların əriməsi nəticəsində onun sahəsinin genişlənməsi ağlasığmayan nəticələrə gətirib çıxara bilər.
Metan karbon qazı ilə müqayisədə Yer kürəsinin iqliminə daha sürətlə təsir göstərən ən güclü parnik qazlarındandır. “Antropogen” karbon qazından fərqli olaraq bu maddənin əsas istehsalçısı təbiətin özüdür. Onu bataqlıqlarda və ya gövşəyən heyvanların mədələrində yaşayan mikroorqanizmlər, habelə çəltik sahələri və digər bitkilər əmələ gətirir. Bundan əlavə, buzlaqların əriməsinin və Arktika tundrasının torpaqda donub qalmış metan ehtiyatlarını azad edir. Alimlər bunun iqlimə təsirini qiymətləndirməyə çalışırlar.
Erik Kortun rəhbərliyi altında NASA Reaktiv Hərəkət Laboratoriyasının bir qrup ekoloqu Şimal Buzlu okeanın sularında bu yaxınlarda aşkar edilmiş açıq metan qazı mənbəyinin nə qədər metan əmələ gətirdiyini hesablamaq qərarına gəlmişdir. Bunun üçün alimlər 2009-cu ilin yanvar və noyabr aylarında və 2010-cu ilin aprel-mart aylarında Arktika sularına ekspedisiya göndərmişdir. Kork və təyyarədə uçarkən açıq okeanda və Alyaska sahillərində, Kanadanın Arktika adalarında və Qrenlandiyada sular üzərində metan, ozon və dəm qazının konsentrasiyasını müşahidə etmişlər.
Tədqiqatçılar ekspedisiyalar zamanı hətta suların buz bağladığı 82 dərəcə şimal en dairəsinədək olan ərazidə bütün mümkün yüksəkliklərdə metanın və digər parnik qazlarının konsentrasiyasının yüksək olduğunu aşkar etmişlər. Onların fikrincə, troposferin üst qatında metan, çox güman, insanın fəaliyyəti nəticəsində, açıq okean üzərindəki karbon qazı ehtiyatları isə başqa yollarla əmələ gəlmişdir.
Məsələn, Şimal Buzlu okeanın əhatə olunduğu havada metan tundrada torpağın donunun açılması və qazın okean sularına yayılması, okean suyundan azad olması və digər təbiət prosesləri nəticəsində əmələ gələ bilər.