SİYASƏT
Ekspertlər Minskdə MDB prokurorluq işçilərinin pensiya təminatı məsələlərini müzakirə etmişlər
Minsk, 18 iyul (AZƏRTAC). MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 17-18-də Minskdə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin prokurorluq orqanları, idarə və müəssisələri işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı və MDB iştirakçısı olan dövlətlərin prokurorluq orqanları, idarə və müəssisələri işçilərinin dövlət sığortası qaydası haqqında Saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilmişdir.
Ekspert qrupunun iclasında Azərbaycan Respublikasının, Belarus Respublikasının (müşahidəçi qismində), Rusiya Federasiyasının, Ukraynanın və digər ölkələrin, habelə MDB İqtisad Məhkəməsinin, MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının, Sərhəd Qoşunları Komandanları Şurasının, MDB üzvü olan dövlətlərin Baş Prokurorlarını Əlaqələndirmə Şurasının, təşkilatın İcraiyyə Komitəsinin səlahiyyətli nümayəndələri və ekspertləri iştirak etmişlər.
İclas iştirakçıları Birlik dövlətlərinin irad və təklifləri nəzərə alınmaqla yuxarıda adı çəkilən Sazişin layihəsini razılaşdırmış və İcraiyyə Komitəsinə təklif etmişlər ki, sənədin layihəsi və ekspert qrupunun iclasının materialları dövlətdaxili razılaşdırılma üçün təşkilatın iştirakçıları olan dövlətlərə göndərilsin, habelə Sazişin layihəsi müəyyən olunmuş qaydada MDB Hökumət Başçıları Şurasının iclasının müzakirəsinə təqdim edilsin.
Saziş layihəsi Birliyin iştirakçısı olan dövlətlərin ərazilərində prokurorluq orqanlarının, idarə və müəssisələrinin işçilərinin və onların ailə üzvlərinin əmək fəaliyyəti və sosial müdafiəsi sahəsində əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə yönəlmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk