CÜMHURİYYƏT - 100
“Əl Fəcr” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan məqalə dərc edilib
Əbu-Dabi, 7 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Əl Fəcr” qəzetində, həmçinin ərəb, ingilis, Çin və rus dillərində nəşr olunan, geniş auditoriyaya malik “Aviamost” qəzetində səfir Daşqın Şikarovun “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə 1917-ci ildə baş vermiş bolşevik inqilabından sonra Azərbaycan da daxil olmaqla Rusiya imperiyasının bütün bölgələrində hərc-mərclik və xaosun hökm sürdüyü bildirilir. Qeyd edilir ki, Azərbaycanın bütün bölgələrində etnik zəmində kütləvi qırğınlar törədilib. Məhz bu fonda Azərbaycan xalqı müstəqil dövlət yaradılmasına dair prinsipial qərar qəbul edib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasına dair müstəqillik haqqında Bəyannamə qəbul olunub.
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, gördüyü mühüm işlər haqqında ətraflı məlumat verilir. Qeyd edilir ki, AXC rəhbərliyi qısa müddət ərzində səmərəli dövlət maşını yaradıb, ABŞ, Türkiyə, Belçika, Fransa, Böyük Britaniya da daxil olmaqla 20-dən çox dövlətlə münasibət yaradıb, dövlət bayrağını qəbul edib, 30 minlik ordu yaradıb. Hökumət ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımını istintaq etmək üçün xüsusi komissiya təsis edib.
Azərbaycan vətəndaşlığı haqqında nizamnamə qəbul edilib, kişilər və qadınlar arasında bərabərlik elan olunub. Eyni zamanda, icraedici, qanunverici və məhkəmə sistemlərinin müstəqil fəaliyyəti təmin edilib.
Məqalədə yeni formalaşmış hökumətin təhsil sisteminin inkişafını prioritet kimi qəbul etdiyi, ölkədə fəaliyyət göstərən məktəblərin sayca yarısının Azərbaycan dilində tədrisə keçdiyi, yeni məktəblərin açıldığı və Azərbaycan dilinin məcburi fənn kimi qəbul edildiyi vurğulanır.
Müəllif 97 min 300 min kvadratmetr ərazisi və 2 milyon 862 min əhalisi olan Azərbaycanın 23 ay müstəqillik dövrü ərzində 5 hökumət tərəfindən idarə edildiyini, 230 qanunvericilik aktı qəbul etmiş parlamentdə isə 15 siyasi partiyanın təmsil olunduğunu diqqətə çatdırır.
Yazıda AXC-nin 1920-ci il aprelin 28-də Qızıl Ordu tərəfindən süquta uğradıldığı bildirilir.
Səfir Azərbaycanın dövlət müstəqilliyini yalnız 71 il sonra, 1991-ci oktyabrın 18-də bərpa etməyə nail olduğunu və AXC-nin üçrəngli bayrağının yenidən dalğalandığını vurğulayır. Bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.
Daha sonra məqalədə müstəqil Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söz açılır. Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlətin maraqlarına əsaslanan xarici siyasət yürüdür, İƏT, Avropa Şurası, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatların üzvü olmaqla Avropa və Asiyanın siyasi strukturları ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatın da üzvüdür.
Qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq əlaqələrinə əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri haqqında yazan D.Şikarov əlaqələrin siyasi, diplomatik, ticarət, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdiyini, ölkələr arasında əməkdaşlıq üçün geniş hüquq-müqavilə bazasının mövcud olduğunu qeyd edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi