İQTİSADİYYAT
Əl-Küveytdə “Silk Way” aviaşirkətinin müntəzəm yük reyslərinin açılması məsələsi müzakirə olunmuşdur
Bakı, 6 dekabr (AZƏRTAC). Əl-Küveytdə “Silk Way” aviaşirkətinin müntəzəm yük reyslərinin açılması məsələsi müzakirə olunmuşdur.
Dövlət Mülki Aviasiya Administrasiyasından (DMAA) AZƏRTAC-a bildirmişlər ki, qurum direktorunun müavini Fuad Quliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Küveytdə bu ölkənin mülki aviasiyasının prezidenti Fəvaz Əbdül-Əziz əl-Fərahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında mülki aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Hər iki tərəf “Silk Way” aviaşirkətinin yaxın zamanlarda Bakı ilə Əl-Küveyt arasında müntəzəm yük reyslərini yerinə yetirmək istəyinə müsbət yanaşmışlar.
Eyni zamanda, görüşdə DMAA direktorunun müavini F.Quliyev Azərbaycan mülki aviasiyasının əldə etdiyi son nailiyyətlər və gələcək inkişaf planları barədə Küveyt nümayəndə heyətinə məlumat vermişdir.