ELM VƏ TƏHSİL
“ELEKTRON MƏKTƏB VƏ TƏHSİLİN ELEKTRON İDARƏEDİLMƏSİ” PİLOT LAYİHƏSİNİN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, fevralın 21-də “Park İnn” hotelində “Elektron məktəb və təhsilin elektron idarəedilməsi” pilot layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və “Ultra”, “İNTEL”, “Microsoft”, “HP” və “Mədəd” şirkətləri tərəfindən həyata keçirilmişdir. Layihədə Bakının “Avropa” liseyi və 23 nömrəli orta məktəb iştirak etmişdir. Məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşməsinə töhfə vermək, məktəb idarəetmə prosesində və orta tədris sistemində informasiya texnologiyalarının istifadəsini tətbiq etmək və gücləndirməkdir.
Tanınmış təhsil işçilərinin iştirak etdikləri tədbrdə təhsil naziri Misir Mərdanov bildirmişdir ki, Prezident İlham Əliyevin imzaladığı “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” uğurla reallaşdırılır. Belə ki, məktəblər İKT avadanlığı ilə təmin olunur, pedaqoji kadrlar İKT üzrə treninqlərdən keçirlər.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “Ölkədə uğurlu informasiya texnologiyaları siyasəti”, “Ultra” şirkətinin prezidenti Tahir Mirkişilinin “Elektron təhsil insan kapitalının mənbəyidir” mövzularında məruzələri dinlənilmişdir.
“Ultra” şirkəti tərəfindən “Elektron məktəb” konsepsiyasının həyata keçirilməsi üçün proqram təminatının (elektron tədris, elektron idarəetmə, data mərkəzi) təqdimatı olmuşdur.
Sonra layihədə iştirak etmiş Avropa liseyinin və 23 nömrəli orta ümumtəhsil məktəbinin müəllimlərinə kompyuter hədiyyə edilmişdir.
######