İQTİSADİYYAT
Elektron Təhlükəsizlik Mərkəzi nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur
Bakı, 8 iyul (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Anti-Phishing Working Group” (APWG ) beynəlxalq təşkilatına üzv olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu üzvlük Azərbaycanda elektron təhlükəsizlik sahəsində həyata keçirilən siyasətin beynəlxalq arenada da uğurla davam etdirilməsinə imkan yaradacaqdır.
“APWG” ilə əməkdaşlıq üzvlərə tədqiqat tərəfdaşlığı hüququ verir. Tədqiqat tərəfdaşı “APWG” tərəfindən müəyyən olunan “Fişinq hesabat” ünvanında “Fişinq Hesabat Fondu Məlumatları”na çıxış əldə etmək hüququna malik olur.
Tədqiqat tərəfdaşı bununla Hesabat Fondu Məlumatlarında saxta “phishing” məlumatlarını düzgün və dəqiq göstərməsini təmin etmək üçün səy göstərmək və “APWG” üzvləri tərəfindən yanlış hesab olunan hər hansı bir məlumata düzəliş etmək hüququ əldə edir. Həmçinin tərəfdaşlara “APWG”-nin xəbər və hesabatlarına abunə olmaq, qurumun iclaslarında iştirak etmək hüququ da verilir.
Hazırda dünya ölkələrindən 2 mindən çox müəssisənin üzv olduğu “APWG” 2003-cü ildən fəaliyyət göstərir. Qurum sənaye, hökumət və hüquq mühafizə sektorlarında kibercinayətkarlıqla qlobal mübarizə üzrə fəaliyyət göstərən beynəlxalq koalisiyadır. “APWG” Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyası, BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi, Amerika Dövlətləri Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlıq edir.