İQTİSADİYYAT
Ələt Azad İqtisadi Zonasının nümayəndə heyəti İsveç Xarici Ticarət Assosiasiyası və İxrac Kredit Korporasiyası nümayəndələri ilə görüşüb
Stokholm, 30 aprel, Rauf Əliyev, AZƏRTAC
İsveçə səfər çərçivəsində Ələt Azad İqtisadi Zonasının nümayəndə heyəti İsveç Xarici Ticarət Assosiasiyası “Business Sweden” və İsveç İxrac Kredit Korporasiyası “SEK” nümayəndələri ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, nümayəndə heyətində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və sədr müavini İsmayıl Manafovla yanaşı, Azərbaycan Respublikasının İsveç Krallığında səfiri Zaur Əhmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin AZPROMO müşaviri Zöhrab Qədirov və “Caucasus Consulting Group of Companies” şirkətinin təsisçisi Bəhram Atabəyli yer alıb.
Ələt Azad İqtisadi Zonasında İnvestorlar üçün əlverişli şərait və zəmanətlər, unikal qanunvericilik bazası, davamlı inkişaf planı barədə geniş danışan zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlərdən və qazanılan uğurlardan bəhs edib.
Görüşlərdə investorların maraqlarına uyğun yaradılan Ələt Azad İqtisadi Zonasının artıq bir çox ölkədən investor cəlb etdiyi xüsusilə vurğulanaraq, qazanılan uğurlu nəticələr diqqətə çatdırılıb. Valeh Ələsgərov zonada yaradılacaq yüksək səviyyəli infrastruktur haqqında isveçli qurumları məlumatlandıraraq, böyük tələb qarşısında növbəti fazada nəzərdə tutulandan çox ərazi istifadə olunacağını da diqqətə çatdırıb.
Görüşdə İsveç şirkətlərinin Ələt Azad İqtisadi Zonasında sərmayə yatırma imkanları və beləliklə də İsveç və Azərbaycan arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə olunub. Bu məqsədlə layihələrə lazımi dəstək və kreditlərin verilməsi istiqamətində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm