İQTİSADİYYAT
Əli Abbasov: Azərbaycanın nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə həyata keçirilən uğurlu İKT siyasətinin nəticəsidir
Bakı, 8 noyabr (AZƏRTAC). “BakuTel-2012” XVIII Beynəlxalq sərgi və konfransı Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) ən müxtəlif sahələrində əldə olunan mühüm nailiyyətlərin beynəlxalq işgüzar dairələrə çatdırılması, təşəbbüskarı və bilavasitə iştirakçısı olduğumuz regional və beynəlxalq İKT layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov demişdir.
Nazir bildirmişdir ki, builki sərgini, ötən illərdə keçirilmiş sərgilərdən daha əlamətdar və möhtəşəm edən onun ölkəmizin ev sahibliyi etdiyi VII İnternet İdarəçilik Forumu ilə bir vaxtda keçirilməsidir. Bəşəriyyətin gələcək inkişafı baxımından mühüm hadisə sayılan İnternet İdarəçilik Forumu müxtəlif ölkələri təmsil edən dövlət və ictimai xadimləri, aparıcı biznes rəhbərlərini, nüfuzlu mütəxəssisləri bir araya gətirən mötəbər platformadır.
Azərbaycanın belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə həyata keçirilən uğurlu İKT siyasətinin nəticəsidir.
Ümidvaram ki, sərgi və konfransın gedişində keçirilən görüşlər, aparılan faydalı müzakirələr qarşılıqlı əməkdaşlığın dərinləşməsinə və ölkəmizin gələcək inkişafı naminə yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəkdir.