İQTİSADİYYAT
Əli Abbasov: Elektron xidmətlərin genişləndirilməsi işimizi xeyli yüngülləşdirmişdir
Şəki, 19 iyun (AZƏRTAC). Hazırda ölkəmizdə təsdiq olunmuş 417 dövlət xidmətinin təqribən yarısı elektron formada təqdim edilir. Elektron xidmətlərin genişləndirilməsi, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərməsi, eləcə də səyyar xidmətlərin təşkili işimizi xeyli yüngülləşdirmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyunun 19-da Şəkidə jurnalistlərə müsahibəsində söyləmişdir.
Elektron xidmətlərin hazırda ölkəmizdə prioritet məsələ olduğunu vurğulayan nazir, yaxın vaxtlarda onların sayının artırılmasına dair Dövlət Proqramının təsdiqlənməsinin gözlənildiyini diqqətə çatdırmışdır. Nazir Əli Abbasov demişdir: “Bundan sonra 3 subyekt - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri, həmçinin müvafiq dövlət qurumları elektron xidmətlərin 2020-ci ilədək tamamilə həyata keçirilməsi, elektronlaşması və əhalinin istifadəsinə verilməsi məsələlərinin həlli ilə məşğul olacaqdır”.
Əli Abbasov növbəti 3 ildə bütün kəndlərin keyfiyyətli internetlə təmin edilməsi üzrə xüsusi proqramın qəbul olunmasının da nəzərdə tutulduğunu bildirmişdir.