SİYASƏT
Əli Əhmədov: Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirsəydilər problemin həlli istiqamətində daha ciddi addımlar atmaq mümkün olardı
Bakı, 20 iyun (AZƏRTAC). ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi ilə bağlı narahatçılığı ifadə edən bəyanatlar səsləndirilməsini ümumilikdə müsbət qiymətləndirmək olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
Ə.Əhmədov bildirmişdir ki, bu, Minsk qrupunun həmsədrlərinin münaqişənin nizama salınmasını unutmalarının göstəricisidir.
İcra katibinin sözlərinə görə, həqiqət ondan ibarətdir ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq münaqişə hələ də həll olunmamışdır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün hələ də öz yurd-yuvalarına qayıda bilməmişlər. Beləliklə, tarixi həqiqət bərpa olunmamışdır.
YAP sədrinin müavini qeyd etmişdir ki, tarixi həqiqətin bərpa olunmamasının günahının böyük bir hissəsi də münaqişənin nizama salınması kimi əhəmiyyətli missiyanı öz üzərinə götürmüş Minsk qrupunun öz vəzifəsinin öhdəsindən gələ bilməməsidir.
Əli Əhmədov demişdir: “Mən təsəvvür edə bilmirəm ki, Minsk qrupu bu münaqişəni həll etmək missiyasını öz üzərinə götürəndən bu günədək 20 il ərzində bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Bu məqamda onlar kimləri günahlandırmaq istəyirlər? Bu məntiqi başa düşmək mümkün deyildir. Nə qədər ki, təcavüzkarın işğal etdiyi torpaqları geri qaytarması tələbi Minsk qrupunun bütün həmsədr dövlətləri tərəfindən konkret şəkildə qoyulmayıb, münaqişənin nizama salınması sahəsində irəliyə addım atmaq mümkün olmayacaqdır. Hesab edirəm ki, Minsk qrupunun həmsədr dövlətləri bu məsələyə konkret münasibət bildirsəydilər, münaqişənin tənzimlənməsi istiqamətində daha ciddi addımlar atmaq mümkün olardı”.