SİYASƏT
ƏLİ HƏSƏNOV: ƏMİNƏM Kİ, BARAK OBAMA AMERİKA XALQININ MARAQLARINI ƏSAS TUTARAQ AZƏRBAYCAN İLƏ MÜNASİBƏTLƏRİ DƏRİNLƏŞDİRƏCƏKDİR
Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin inkişafı hər iki xalqın marağındadır. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və ABŞ-a kimin rəhbərlik etməsindən asılı olmayaraq əlaqələr daha da dərinləşəcəkdir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir.
Ə.Həsənov demişdir: “Ölkəyə kimin rəhbərlik etməsindən asılı olmayaraq, xalqların seçimi əsasında qurulan siyasət davam etdirilməlidir. Əlbəttə, ən yaxşı prezident xalqın seçdiyi prezidentdir. Amerika xalqı bu gün Barak Obamanı seçibsə, onun gələcək fəaliyyətində də məhz xalqın istək və arzuları əksini tapacaqdır. Xalqın istək və arzularının onun fəaliyyətində əksini tapması isə Azərbaycanın xeyrinədir, çünki Azərbaycanın dövlət maraqları Amerika xalqının maraqları ilə üst-üstə düşür”.
Hansısa diasporun təsiri ilə formalaşan, yürüdülən siyasətin Amerika xalqının maraqlarına cavab vermədiyini deyən Ə.Həsənov konkret halda, erməni diasporunun ABŞ hökumətini, onun siyasətini yönəltmək cəhdlərinin xalqın maraqları ilə üst-üstə düşmədiyini vurğulamışdır: “Ona görə də biz düşünürük ki, kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ-da ümumi maraqlar, dövlət maraqları, milli maraqlar üstün tutulacaqdır. Bu siyasət isə Azərbaycanın maraqlarına cavab verir”.
Ə.Həsənov Azərbaycanın səmimi və həqiqi demokratiyanın inkişafına yönəlmiş istənilən təklifi, tövsiyəni normal qəbul etdiyini bildirmiş və əlavə etmişdir: “Amma biz hansı bir məsələdə təsir etmək, təzyiq göstərmək məqsədi ilə irəli sürülmüş tövsiyələri, tələbləri birmənalı şəkildə qəbul etmirik. Azərbaycan apardığı səmimi və açıq siyasətə səmimi və açıq münasibət tələb edir. ABŞ demokratları ilə Azərbaycan hakimiyyəti arasında əməkdaşlıq mövcuddur, davam edir və bundan sonra da davam edəcəkdir. Azərbaycanın da, ABŞ-ın da milli maraqları tələb edir ki, dövlətlərimizin münasibətləri strateji tərəfdaşlıq istiqamətində inkişaf etsin”.
Qondarma “erməni soyqırımı” məsələsinə toxunan şöbə müdiri, olmayan bir şeyin kiminsə tərəfindən qəbul edilməsinin iflasa məhkum olduğunu vurğulamışdır: “Əgər “erməni soyqırımı” olubsa, gec və ya tez tanınmalıdır. Yox, əgər olmayıbsa, kiminsə bunu tanıdığını elan etməsi heç nəyi dəyişmir. Tarix hər şeyi zamanında öz yerinə qoyur. Konkret halda “erməni soyqırımı” uydurma, cəfəngiyat, reallığı əks etdirməyən xülyadır. Bunun tarixə salınması, tarixdə təsdiqlənməsi qeyri-mümkündür”.