ELM VƏ TƏHSİL
ELMİ-TƏDQİQAT İŞLƏRİNİN DAİRƏSİ GENİŞLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun birillik fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
İnstitutun direktoru, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işləri, elmi-təşkilati fəaliyyət, əldə olunan mühüm nəticələr haqqında məlumat verərək, institut əməkdaşları tərəfindən beynəlxalq konfranslara 9 elmi işin təqdim olunduğunu nəzərə çatdırmışdır. Dünyanın ən qabaqcıl elmi-texniki təşkilatları ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyən alim xarici ölkələrə ezam olunmuş əməkdaşların məruzələrinin dinlənilərək təsdiq olunduğunu bildirmişdir.
A.Həşimov institutda 33 aspirantın təhsil aldığını, 6 doktorluq, 8 namizədlik dissertasiyasının müdafiə olunduğunu qeyd etmişdir. İnstitutun kitabxana fəaliyyəti haqqında məlumat verən A.Həşimov təkcə Fizika İnstitutu əməkdaşlarının deyil, həm də ölkənin digər təhsil müəssisələrinin tələbələrinin də istifadə etdiyi kitabxananın 865 oxucusu olduğunu nəzərə çatdırmışdır. Direktor institut tərəfindən elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun aparılması və yeni texnologiyaların yaradılması məqsədilə təkliflərin irəli sürüldüyünü vurğulamışdır.