ELM VƏ TƏHSİL
Elmin İnkişafı Fondu yeni beynəlxalq qrant müsabiqəsi elan edib
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu (BRFTF) birgə elmi-tədqiqat layihələrinin və proqramlarının maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə ikinci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsini elan ediblər.
AZƏRTAC xəbər verir ki, EİF ilə Belarus Milli Elmlər Akademiyası və BRFTF arasında 2012-ci il sentyabrın 28-də Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında beynəlxalq Sazişə əsasən, həmin ilin dekabrında birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan olunub. 2013-cü il iyunun 6-da müsabiqənin nəticələri açıqlanıb və yeddi qalib layihə müəyyənləşdirilib. Birinci müsabiqənin uğurları və ötən bir il ərzində əldə edilmiş nəticələr növbəti birgə qrant müsabiqəsinin keçirilməsi üçün zəmin yaradıb.
Birinci müsabiqədən fərqli olaraq, ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsində bütün elm sahələri və istiqamətləri üzrə təqdim olunmuş beynəlxalq layihələr maliyyələşdiriləcək. Bu qrantlar yalnız Azərbaycan və Belarus alimlərindən təşkil olunmuş kollektivlərə veriləcək. Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin 500.000 manatı EİF tərəfindən ödəniləcək.
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu oktyabrın 27-dən dekabrın 27-si saat 17:00-dək aparılacaq. Bu müddətdə qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.