İDMAN
Elxan Məmmədov: “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan – 2012” uğurla təşkil olunmuşdu
Bakı, 15 oktyabr (AZƏRTAC). Əminliklə demək olar ki, futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan – 2012” uğurla təşkil olunmuşdu.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi, “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan – 2012”nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov demişdir.
Bildirmişdir ki, dünya çempionatının təşkilinə ilk gündən böyük dəstək vermiş Azərbaycan Prezidenti İlham Əliyevə AFFA və Yerli Təşkilat Komitəsi adından dərin minnətdarlığımızı bildiririk. Çempionatın yüksək səviyyədə təşkili ilə bağlı dövlət başçısı tərəfindən bir neçə sərəncam imzalanmış və həmin sərəncamlardan irəli gələn məsələlərin həlli üçün dövlət strukturları böyük səylə çalışaraq mundialın keçirilməsinə töhfələrini vermişlər.
Vurğulamışdır ki, müstəqil Azərbaycanın tarixində ən uzunmüddətli idman tədbirini müvəffəqiyyətlə başa vurduq. Sentyabrın 22-də start götürən dünya çempionatı 21 gün davam etdi. Çempionatın təşkili ilə bağlı artıq sentyabrın 5-dən etibarən FIFA nümayəndələrinin ölkəmizə uzunmüddətli ezamiyyətləri başlamışdı.
E.Məmmədov qeyd etmişdir ki, turnirdə iştirak etmiş bütün komandalar üçün xüsusi qarşılanma tədbirləri keçirilmiş və qonaqların hamısı Azərbaycandakı qonaqpərvərlikdən son dərəcə razı qalmışlar. Artıq iştirakçı komandaların hamısı doğma ölkələrinə qayıtmışlar. İnanırıq ki, Azərbaycanla bağlı xoş xatirələri uzun müddət yaddan çıxarmayacaqlar.
Qeyd edək ki, Azərbaycanda keçirilmiş FİFA U-17 qadınlararası dünya çempionatının qalibi Fransa millisi olmuşdur. Koreya Xalq Demokratik Respublikasının yığması gümüş, Qana kollektivi isə bürünc medal qazanmışlar.