ƏMƏK PENSİYALARININ BAZA HİSSƏSİNİN ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq və pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, qanunvericiliklə müəyyən olunmuş hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğinin bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 avqust 2008-ci il.