Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1077 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin