İQTİSADİYYAT
Əmək və əhalinin sosial müdafiəsi naziri nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə vətəndaş müraciətlərini cavablandırmışdır
Bakı, 24 may (AZƏRTAC). Mayın 24-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə vətəndaşlar tərəfindən ünvanlanan müraciətləri cavablandırmışdır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qeydə alınmış sorğu xarakterli 70-ə yaxın müraciətə izahat məzmunlu cavablar göndərilmişdir. Digər bir sıra müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılması və nəticədən asılı olaraq müvafiq tədbirlər görülməsi barədə aidiyyəti struktur bölmələrinə tapşırıq verilmiş və bu barədə müraciət müəllifləri məlumatlandırılmışlar.
Bir qisim müraciətlərdə isə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər ifadə olunduğundan onların aidiyyəti üzrə qurumlara göndərilməsi tövsiyə olunmuşdur. Müraciətlərə baxılması zamanı ayrı-ayrı vətəndaşların xahişi nəzərə alınaraq onların fəal sosial müdafiə tədbiri olan “Özünədəstək” proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olub-olmamalarının araşdırılması tapşırılmışdır.
Tədbirin davamı kimi, nazir Füzuli Ələkbərov Gəncə bölgəsində yaşayan daha 4 vətəndaşı videokonfrans sistemi vasitəsilə distant formada qəbul etmişdir.
Sosial şəbəkə vasitəsilə vətəndaş müraciətlərinin qəbul olunaraq cavablandırılması bu sahədə ilk addım olmaqla, vətəndaşların nazirliyə, habelə bu qurumun rəhbər şəxslərinə müraciət imkanlarının genişləndirilməsi istiqamətində görülən növbəti işlərdən biridir. Bununla yanaşı, nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaş qəbulları, habelə videokonfrans sistemi ilə distant formada qəbullar keçirilir, eyni zamanda, “142-Qaynar xətt”, [email protected] və www.mlspp.gov.az saytı vasitəsilə vətəndaşların müraciətləri cavablandırılır.