İQTİSADİYYAT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində jurnalistlərlə görüş keçirilmişdir
Bakı, 19 iyul (AZƏRTAC). İyulun 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar KİV nümayəndələri və veteran jurnalistlərlə görüş keçirilmişdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, nazir Füzuli Ələkbərov görkəmli maarifçi Həsən Bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən müddətdə şərəfli bir inkişaf yolu keçdiyini, mütərəqqi fikir və ideyaların daşıyıcısı olduğu barədə danışmışdır.
Qeyd olunmuşdur ki, respublikamızda mətbuatın inkişafına geniş şərait yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatların mühüm tərkib hissəsi məhz söz və fikir azadlığının təminatı, mətbuatın inkişafının dövlət tərəfindən davamlı olaraq dəstəklənməsidir.
Tədbirdə 138 yaşını qeyd edən Azərbaycan mətbuatının inkişaf tarixindən, keçdiyi şərəfli yoldan söz açılmışdır.
Sonra KİV nümayəndələrinə və veteran jurnalistlərə nazirliyin diplomları və mükafatları təqdim olunmuşdur.