REGİONLAR
Əmək yarmarkasında işaxtaranlara 51 müəssisədən 232 boş iş yeri təqdim olunub
Babək, 14 aprel, AZƏRTAC
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada işaxtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili davam etdirilir. Növbəti əmək yarmarkası Babək rayonunda təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edənlər muxtar respublikada məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıblar. Bildirilib ki, işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradılıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Dövlət Proqramının icrası ilə əlaqədar ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, əldə edilən nəticələr əsasında aktiv məşğulluq tədbirlərinin icrası diqqətdə saxlanılıb. Hər rüb təşkil edilən əmək yarmarkaları da bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 51 müəssisədən 232 boş iş yeri təqdim edilib. 32 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 13 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.