MƏDƏNİYYƏT
Əməkdar Artist Rəhman Rəhmanovun 60 illik yubileyi qeyd edilib
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında Əməkdar Artist Rəhman Rəhmanovun anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə qonaqlar aktyorun həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.
Sonra sənətkarın ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək sənətkarın həyat və yaradıcılığından söz açıb.
Vurğulanıb ki, yaradıcılığının böyük bir hissəsini kukla sənəti ilə bağlayan aktyor koloritli çıxışları ilə hər zaman tamaşaçılar tərəfindən sevilib. O, “Çırtdan”, “Qaravəlli”, “Qoçaq Polad”, “Meşə nağılı”, “Cubbulunun çarpələngi”, “Əkiz qardaşlar”, “Əzablı günlərin sonu”, “Keçinin qisası”, “Ələddin” və digər onlarla səhnə əsərlərində yaddaqalan, maraqlı obrazlar qalereyası yaradıb. Diqqətə çatdırılıb ki, R.Rəhmanov 2006-cı ildə Monotamaşalar festivalında “Şəngülüm, Şüngülüm” tamaşasında ifa etdiyi rola görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Aktyorun sənət dostları çıxış edərək onun yaradıcılıq fəaliyyətindən və insani keyfiyyətlərindən danışıblar.
Diqqətə çatdırılıb ki, müxtəlif illərdə “Kişi sözü”, “Gənc qadının kişisi”, “Dəvətnamə”, “Olacağa çarə yoxdur”, “Yeni həyat”, “Yoxlama” və digər ekran əsərlərində yaratdığı maraqlı obrazlarla da aktyor böyük rəğbətlə qarşılanıb.
Sonra R.Rəhmanov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.