MƏDƏNİYYƏT
Əməkdar Rəssamın fərdi sərgisi açılmışdır
Bakı, 11 noyabr (AZƏRTAC). Noyabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar Rəssam Təbriz Abdullayevin “Obrazlar və gerçəkliklər” adlı fərdi sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov T.Abdullayevin yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, rəssamın ilk fərdi sərgisi 2002-ci ildə “Abşeron” Rəsm Qalereyasında keçirilmişdir. O, təcrübəli koloristdir. T.Abdullayevin əsərləri ölkəmizdən kənarda da böyük maraqla qarşılanır.
T.Abdullayevin əsərlərinin Azərbaycan rəssamlıq ənənələrini yaşatdığını söyləyən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev diqqətə çatdırmışdır ki, rəssamın əsərləri nə qədər qeyri-adi ifadə tərzinə malik olsa da, realist ənənələrə söykənir.
Tədbirdə çıxış edən digər natiqlər rəssamın əsərlərinin sənətkarlıq xüsusiyyətindən danışmış, ona yaradıcılıq uğurları arzulamışlar.
Bütün iştirakçılara minnətdarlığını bildirən Əməkdar Rəssam T.Abdullayev bildirmişdir ki, sərgidə 75 tablo nümayiş etdirilir.
Mərasimdə rəssamın yaradıcılığına həsr olunmuş “Təbriz Abdullayev - obrazlar və gerçəkliklər” kitabı sənətsevərlərə təqdim olunmuşdur. Kitab “Abşeron” rəsm qalereyasının direktoru, sənətşünas Eldəniz İbrahimov tərəfindən hazırlanmışdır.
Rəngkarlıq əsərlərindən ibarət sərgi noyabrın 18-dək davam edəcəkdir.
Sərginin ikinci mərhələsi noyabrın 25-dən 30-dək İçərişəhərdəki “Abşeron” rəsm qalereyasında davam etdiriləcəkdir.