ELM VƏ TƏHSİL
Emin Hüseynov: “Yüksəliş” müsabiqəsi gənclərə gələcək fəaliyyətlərində vacib təcrübələr qazandıracaq
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov vətəndaşları “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib: “Əziz dostlar, böyük məmnuniyyətlə “Yüksəliş” müsabiqəsinin ikinci ilinə çağırışla bağlı sizlərə səslənirəm. Hesab edirəm ki, bugün bizim gənc mütəxəssislərin, həm özəl, həm dövlət qulluğunda müxtəlif sahələrdə çalışan həmkarlarımızın bu müsabiqə çərçivəsində çox gözəl şansları var. “Yüksəliş” müsabiqəsi onlara özlərini göstərmək, özlərini sınamaq, inandıqları, bildikləri istiqamətdə dövlətimiz üçün, xalqımız üçün əlindən gələn bütün səyləri əsirgəmədən fəaliyyət göstərməyə böyük imkanlar yaradır. “Yüksəliş” müsabiqəsi dövlətin ali qurumlarının bilavasitə dəstəyi ilə həyata keçirilir və əminəm ki, bu müsabiqədə iştirak sizə həm indiki, həm gələcək fəaliyyətinizdə vacib təcrübələr qazandıracaqdır.”
AZƏRTAC xəbər verir ki, Emin Hüseynov tarixən müxtəlif sahələrdə Azərbaycan xalqının içindən bir çox dahilərin çıxdığını qeyd edib: “Bu, xalqımızın nə qədər istedadlı olduğundan xəbər verir. Sizlərin arasında da həmin istedadlardan var və ümid edirəm ki, bu müsabiqə o istedadları aşkar edib üzə çıxaracaq və onlar da Azərbaycan xalqının, Azərbaycan dövlətinin daha da güclənməsinə, inkişaf etməsinə öz töhfələrini verəcəklər. Əminəm ki, siz də bu istiqamətdə və bu məqsədlə əlinizdən gələni əsirgəməyəcəksiniz. Bunu nəzərə alaraq hamınızı bir daha bu müsabiqədə fəal iştirak etməyə çağırıram”.
Qeyd edək ki, fevralın 17-dən etibarən ikinci “Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat martın 31-dək davam edəcək. 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilərlər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsi ilə həyata keçirilir.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.