İQTİSADİYYAT
Ən azı 100 il ərzində Azərbaycanda enerji mənbələri ilə bağlı heç bir problem olmayacaqdır
Bakı, 13 fevral (AZƏRTAC). Bərpa olunan enerji növlərinin yaradılması ilə bağlı işlər başlamışdır. Ümid edirəm ki, bu istiqamət də çox perspektivli olacaqdır. Beləliklə, bizim zəngin qaz, neft yataqlarımız, ehtiyatlarımız var və bundan sonra ən azı 100 il ərzində Azərbaycanda daxili mənbələrlə, yəni, enerji mənbələri ilə heç bir problem olmayacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev bildirmişdir.
Bərpa olunan enerji növlərinin yaradılmasının və bu prosesin genişləndirilməsinin zəruriliyini qeyd edən dövlətimizin başçısı bildirmişdir ki, ilk növbədə bu, bizə əlavə maliyyə imkanları yaradacaqdır. Digər tərəfdən, bu yeni texnologiyaların, bərpa olunan texnologiyaların, “yaşıl energetika”nın yaradılması hesab edirəm ki, dünyada gedən ekoloji problemlərin həllinə də bizim töhfəmiz olacaqdır.