SİYASƏT
Erməni deputatı həyəcan siqnalı çalmağa başlamışdır
Paris, 18 iyul (AZƏRTAC). Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun sessiyalarında hər dəfə Azərbaycana qarşı qərəzli və böhtan dolu çıxışları ilə tanınan Naira Zöhrabyan ermənilərin doğma vətənlərini tərk etmələri barədə həyəcan siqnalı çalmağa başlamışdır.
Parisdə güclü erməni lobbisinin maliyyə dəstəyi ilə gündəlik nəşr olunan “Ermənistan xəbərləri” (“Les Nouvelles d’Armenie”) jurnalının 18 iyul tarixli nömrəsində dərc edilən “Ermənilərin doğma vətənlərindən qaçışı barədə həyəcan siqnalı” sərlövhəli yazıda erməni deputatı gözlənilməz etirafla çıxış etmişdir. Zöhrabyan bildirmişdir ki, Ermənistan hər gün kiçik bir kənd və yaxud 400 nəfər itirir. 1992-ci ildən 1,7 milyon erməni doğma vətənini və Qarabağı tərk etmişdir. Belə getsə, biz tezliklə Arsaxı, Ermənistanı və erməni xalqını həmişəlik itirə bilərik.
Bu etirafla bağlı bəzi məqamlara toxunmaq istərdik. Birincisi, yazının başlığında yer almış “qaçış” ifadəsinə diqqət yetirmək lazımdır. Deputat “tərk etmək” sözünün yerinə “qaçış” işlətmişdir. Bu, o deməkdir ki, Ermənistan hökumətinin vətəndaşların ölkəni tərk etmələrinə mane olmaq üçün göstərdiyi cidd-cəhdlərinə, sərt tədbirlərinə baxmayaraq, aclıq, rəzalət və rüşvətxorluğun baş alıb getməsindən boğaza yığılan sadə ermənilər çıxış yolunu ölkədən qaçmaqda görürlər.
İkincisi, Ermənistan rəsmiləri beynəlxalq ictimaiyyəti aldadaraq, ölkənin inkişaf etdiyi, əhalinin həyat səviyyəsinin yaxşılaşdığı barədə boş hay-küy qaldırsalar da, yazıdakı açıq etiraf Ermənistandakı acınacaqlı vəziyyət haqqında müəyyən təsəvvür yaradır. Məsələnin maraqlı tərəfi ondadır ki, bunu Ermənistanı istəməyən qüvvələr deyil, məhz erməni deputatı diqqətə çəkir. Deputat “xanım” AŞPA-nın sessiyalarındakı çıxışlarında olduğu kimi yenə də Dağlıq Qarabağın adını hallandırmaqdan, onu Ermənistan ərazisi kimi göstərməkdən əl çəkmir.
Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı “Arsax” adlandıran erməni deputatı həmvətənlərinin doğma torpaqlarından qaçma səbəblərinin qarşısını almaq haqqında fikirləşsə, daha yaxşı olar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris