SİYASƏT
ERMƏNİ SİLAHLI BİRLƏŞMƏLƏRİNİN ATƏŞKƏSİ POZMASI NƏTİCƏSİNDƏ QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ YARIMÇIQ DAYANDIRILMIŞDIR
Bakı, 15 dekabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 15-də Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılmışdı.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin, qarşı tərəfdə isə İmre Palatinus, İrji Aberle və Vladimir Çontulov keçirməli idilər. Lakin monitorinq keçirilən zaman erməni silahlı birləşmələri tərəfindən atəş açılmış və monitorinq dərhal dayandırılmışdır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri hadisənin səbəblərini araşdırırlar.