REGİONLAR
Erməni vandalizmi Qubadlıdakı məscid və tarixi abidələrdən də yan keçməyib
Sumqayıt, 28 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Qubadlı rayonunda yerləşən məscidlərin və tarixi abidələrin erməni vandalizminə məruz qalmasından danışılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Vaqif Babayev çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələrin, müqəddəs ocaqların və məbədlərin dağıdılaraq məhv edildiyini, bəzilərinin üzərində erməniləşdirmə əlamətlərinin aşkar olunduğunu bildirib. Qeyd olunub ki, bu vandalizm aktları Qubadlı rayonundan da yan keçməyib. Belə ki, Qubadlının işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid də tamamilə dağıdılıb, Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.
Tədbirdə muzeyin kiçik elmi işçisi Günel Quluzadə məscid anlayışı və tarixi haqqında ümumi məlumat verib. Əməkdar müəllim Çingiz Salmanov "Qubadlı rayonunun tarixi və məscidləri”, Sumqayıt Dövlət Universitetinin müəllimi Elnarə Əhmədova "Qubadlı rayon məscidlərinə məxsus memarlıq və arxitektural əlamətlər”, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin Qubadlı rayon üzrə baş mütəxəssisi Sədi Vəliyev "İşğaldan sonra Qubadlı məscidlərinin son vəziyyəti” barədə çıxışlar ediblər.