SİYASƏT
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNİ LƏNGİDƏN AMİLLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İşgüzar Dairələrin Milli Təhlükəsizlik Məsələləri üzrə Təşkilatının (BENS) geniştərkibli nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Səfər Əbiyev qonaqlara müstəqil Azərbaycan dövlətinin son illər əldə etdiyi iqtisadi-siyasi uğurlar, ordu quruculuğu sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir.
Regionda mövcud olan gərgin hərbi-siyasi durum, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidən amillər və digər məsələlər görüşdə əsas müzakirə mövzusu olmuşdur.
Nümayəndə heyətinin başçısı istefada olan general Çarlz Boyd, ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı rəhbərinin müavini vitse-admiral Riçard Qallager və nümayəndə heyətinin üzvləri Azərbaycan ilə bağlı onları maraqlandıran məsələlər barədə müdafiə naziri ilə geniş fikir mübadiləsi aparmışlar.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders iştirak etmişdir.