SİYASƏT
ERMƏNİSTAN BÖLGƏNİ EKOLOJİ FƏLAKƏTƏ APARIR
Bakı, 8 sentyabr (AZƏRTAC). Ermənistan nəinki Azərbaycanın, bütövlükdə regionun ekologiyasına böyük ziyan vurur.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yanğınların törədilməsi, regiondakı çayları zəhərli maddələrlə, tullantılarla çirkləndirməsi bölgəni ekoloji fəlakətə aparır. Bu məsələlərlə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QİƏT PA) nümayəndə heyəti qurumun sentyabrın 16-da Yunanıstanın Soloniki şəhərində keçiriləcək iqtisadiyyat və mədəniyyət komitələrinin birgə iclasında çıxış edəcəkdir.
Azərbaycanın QİƏT PA-da nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev bildirmişdir ki, onlar bu məsələlərin qurumun hazırlayacağı məruzəyə salınmasına çalışacaqlar. Bu məruzə Baş Assambleyanın noyabrda Moskvada keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və bununla bağlı qurum tövsiyələr hazırlayaraq QİƏT-in üzvü olan ölkələrin parlamentlərinə göndərəcəkdir.