SİYASƏT
Ermənistan ordusunun gecə saat 04 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində bir neçə mülki obyektə və evə ziyan dəyib
Bakı, 8 oktyabr, AZƏRTAC
Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla oktyabrın 8-də saat 07 radələrində Goranboy rayonunun Şahməmmədli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olmuş, yaşadığı evə isə maddi ziyan dəymişdir.
Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərəfindən oktyabrın 8-də saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəymişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.