SİYASƏT
ERMƏNİSTAN XOŞ NİYYƏTLİ İŞƏ ƏVVƏLCƏ AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ RAYONLARINDAN ÇƏKİLMƏKLƏ BAŞLAMALIDIR
Ankara, 15 yanvar (AZƏRTAC). Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskva səfərinin yekunlarına dair jurnalistlərlə söhbətində bildirmişdir ki, Ankara ilə Yerevan arasında normallaşma prosesini və Dağlıq Qarabağ problemini nə qədər ayrılıqda həll etməyə səy göstərilsə də, pərdə arxasında bu iki problem bir-biri ilə sıx bağlıdır. Türkiyənin Ermənistanla sərhədlərinin bağlanması Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə başlamışdır. Sərhədlərin açılması üçün sülhün təmin olunması və münaqişənin həll edilməsi lazımdır.
Rəcəb Tayyib Ərdoğan vurğulamışdır ki, Dağlıq Qarabağın işğalına son qoyulduqdan sonra Türkiyə-Ermənistan məsələsi də rahat həll olunacaqdır. Ermənistan bu xoş niyyətli işə əvvəlcə Azərbaycanın işğal olunmuş rayonlarından çəkilməklə başlamalıdır. Türkiyə bəzi riskləri üzərinə götürmüş, Yerevan-İstanbul aviareyslərini, karqo uçuşlarını həyata keçirmişdir. Ancaq, hava xəttini açmaq sərhəd qapılarını açmaqdan fərqlənir. Hazırda, Türkiyədə çox böyük sayda Ermənistan vətəndaşı da vardır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamalıdır. Mən, Medvedev və Putin ilə görüşlərimdə də bunu bildirdim. ATƏT-in Minsk qrupunun həmsədrləri arasında Ermənistan üzərində ən çox təsiri olan ölkə də Rusiyadır. Bu məsələdə onlar ləng hərəkət edərsə, bir nəticə əldə etmək də çətin olacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara