SİYASƏT
Ermənistanda əkinə yararlı torpaqların 60-70 faizi istifadəsiz qalacaqdır
Paris, 5 avqust (AZƏRTAC). Ermənistan rəhbərlərinin ölkə iqtisadiyyatının ildən-ilə inkişaf etməsi barədə hay-küy salmalarına baxmayaraq, yaranmış əsl vəziyyət işçi qüvvəsinin, xüsusilə kənd təsərrüfatında çalışanların ölkəni tərk etmələri nəticəsində iqtisadiyyatın sürətlə tənəzzülə uğramasından xəbər verir. Hətta iş o yerə çatmışdır ki, kənd yerlərində çalışanların sürətlə azalması hesabına ölkədə yararlı torpaq sahələrindən istifadə olunması halları kəskin sürətdə azalmışdır.
Parisdə fransız dilində nəşr olunan “Ermənistan xəbərləri” (“les Nouvelles d’Armenie”) jurnalının 2 avqust nömrəsində dərc olunan “Becərilməyən torpaqlar Ermənistandakı torpaqların 60-70 faizini təşkil edəcəkdir” sərlövhəli yazıda əkinə yararlı sahələrin daha çox hissəsinin gələcəkdə istifadəsiz qalacağı vurğulanmışdır.
Öz hakimiyyətini yalanlar üzərində quran və əhaliyə boş vədlər verən Ermənistanın rəsmi dairələri ölkədə yaranmış ağır vəziyyəti dünya ictimaiyyətindən gizlətməyə səy göstərirlər. Ermənistan rəsmiləri ölkədə əkinə yararlı sahələrin guya yalnız 37-40 faizinin istifadəsiz qalacağı haqda fikirlər səsləndirmişlər. Amma Ermənistanın fermerlər hərəkatı üzrə qeyri-hökumət təşkilatının sədri Sərkis Sədrakyan ölkə rəsmlərinin yalanlarını ifşa etmişdir. S.Sədrakyan ölkədə əkinə yararlı torpaq sahələrinin gələcəkdə 60-70 faizinin istifadəsiz qalacağını diqqətə çatdırmışdır. O, fikrini ölkədə aqrar siyasətin düzgün aparılmaması nəticəsində torpağın eroziyaya uğraması və səhralaşma prosesinin getməsi, həmçinin kəndlilərin mövcud ağır sosial həyat tərzinə dözməyərək ailələrini dolandırmaq üçün qonşu dövlətlərə üz tutmaları ilə əsaslandırmışdır.
Ölkənin kənd təsərrüfatı naziri Serqo Karapetyan da torpaq sahələrinin istifadəsiz qalmasını təsdiq etmişdir. Nazir Ermənistanda əkinə yararlı 449,2 min hektar torpaq sahəsinin yalnız 30 faizinin becərildiyini bildirmişdir.
Jurnalda dərc olunan yazı ilə tanış olan oxucunu belə bir sual düşündürə bilər: Dövlət rəsmlərinin dəfələrlə bəyan etdiyi kimi, əgər Ermənistanda əhali ölkəni tərk etmirsə, bəs onda əkinə yararlı torpaq sahələrinin gələcəkdə tamamilə istifadəsiz qalacağı barədə indidən nə üçün həyəcan təbili çalınır?
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris