DÜNYA
Ermənistanda gənclərin orduya yola salınması matəm mərasimini xatırladır
Tehran, 17 yanvar, AZƏRTAC
Bu günlərdə Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə foto yayılıb. Fotonun altında “Ananın oğlunu hərbi xidmətə yola salmasının təsirli səhnəsi” sözləri yazılıb. Fotoda ana hərbi xidmətə yola saldığı oğlunu qucaqlayaraq ağlayır. Ananın ağlamağını başa düşmək olar. Ana ürəyi olduqca həssasdır. Lakin oğulun ağlamağı bir az anlaşılmazlıq yaradır.
Azərbaycanda musiqi sədaları altında şənliklə və gülümsəyərək ordu sıralarına yola salınan səhnələrdən fərqli olaraq, Ermənistanda orduya yolasalmanın faciə səhnəsini xatırlatması təsadüfi deyil. Ermənistanda həm hərbi xidmətə yola salınan, həm də onu yola salanlar başa düşürlər ki, ordu sıralarından sağ-salamat qayıtmaq çətin məsələdir.
Bəzi saytların yazdığına görə, ola bilsin, erməni əsgəri döyüş şəraitində özünün qabiliyyətini nümayiş etdirib sağ qalsın. Lakin komandiri tərəfindən döyülərək öldürülməyəcəyinə heç kəs zəmanət verə bilməz. Yəni, fotonun şərhi belədir: hər kəs başa düşür ki, bu vidalaşma son vidalaşma ola bilər. Əsgərin evinə sağ-salamat qayıtması şansına bağlıdır.
Belə fotonun saytlar və sosial şəbəkələrdə yayılmasının səbəbi Ermənistan ordusundakı acınacaqlı vəziyyətdir. Orduda rüşvət və korrupsiyanın tüğyan etməsi ilə yanaşı, erməni əsgərləri hələ də nəyin uğrunda döyüşdüklərini başa düşmürlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran