DÜNYA
Ermənistanda hər üç nəfərdən ikisi yoxsulluğun son həddində yaşayır
Paris, 29 noyabr (AZƏRTAC). Ermənistan rəsmiləri son iki ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdığı barədə dünyaya car çəksələr də, iqtisadiyyatın getdikcə iflic vəziyyətə düşməsi, ölkəni tərk edənlərin sayının ildən-ilə artması, kəndlərdə bir nəfər də olsun başıpapaqlının qalmaması, ağır kənd təsərrüfatı işlərində yalnız qadınların çalışması bunun əksini deyir.
Ermənistanda əhalinin sosial vəziyyəti ilə bağlı Fransada nəşr olunan “Ermənistan xəbərləri” jurnalının 28 noyabr tarixli nömrəsində dərc olunan “Ermənistan: üç nəfərdən biri yoxsulluğun son həddində yaşayır” sərlövhəli məqalədə qeyd olunur ki, hökumətin siyasətinə uyğun hərəkət edən Ermənistan Dövlət Statistika Xidmətinin 2010-cu ildə yoxsulluğun son həddində yaşayanların ölkə əhalisinin 36 faizini təşkil etdiyi halda, bu rəqəmin 2011-ci ildə 35 faizə enməsi barədə səsləndirdiyi fikirləri heç də əsl həqiqəti əks etdirmir.
Ermənistanın maliyyə naziri Başe Qabrielyanın gələcəkdə 10 min nəfərin işlə təmin olunacağı haqdakı gurultulu bəyanatı da korrupsiya və məmur özbaşınalığının baş alıb getdiyi ölkədə dövlət rəsmilərinin boş vədlərini dəfələrlə eşidən əhali arasında bir rezonans doğurmaması heç də təəccüblü deyildir.
Ermənistanda həyat şəraitinin yaxşılaşacağı barədə hakim dairələrin verdikləri bəyanatlara şübhə ilə yanaşan jurnal bəzi erməni deputatların fikirinə istinadən etiraf edir ki, ölkədə yoxsulluq dövlətin mənafeyini müdafiə edən statistika xidməti idarəsinin rəsmi məlumatında göstərilən rəqəmdən qat-qat çoxdur. Əsl həqiqətdə Ermənistan əhalisinin üçdə biri deyil, üçdə ikisi yoxsulluğun son həddində yaşayır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris