DÜNYA
Ermənistanda seçki saxtakarlığına qarşı kütləvi aksiya davam edir
Bakı, 20 fevral (AZƏRTAC). Bu saatlarda Ermənistanın paytaxtı Yerevanla yanaşı, digər şəhərlərdə də kütləvi aksiyalar keçirilir.
Rusiya telekanallarının yaydığı məlumata görə, Yerevanın mərkəzi meydanına 20 mindən artıq adam toplaşaraq fevralın 18-də keçirilmiş prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı etirazlarını bildirir. Serj Sarkisyanın rəqibi Raffi Ovanisyan bütün xalqı meydana çağıraraq kriminal rejimə qarşı mübarizənin önündə gedəcəyini bildirmiş və özünü Ermənistanın yeni seçilmiş prezidenti elan etmişdir.
Mərkəzi Seçki Komissiyasının S.Sarkisyanı qalib elan etməsini əvvəlcədən hazırlanmış planın davamı olduğunu bildirən R. Ovanisyan ailəsinin təhdid edildiyini və ondan xalqın səsi uğrunda apardığı mübarizəni dayandırmağın tələb olunduğunu da bəyan etmişdir.
Verilən məlumatlara görə, aksiyanın keçirildiyi mərkəzi meydana polis qüvvələri yeridilmişdir. Hələlik qarşıdurma yoxdur.
Lakin hakimiyyət dairələri aksiya iştirakçılarını xəbərdar etmişlər ki, əgər qanun pozuntusu qeydə alınsa aksiya dağıdılacaqdır.
Müşahidəçilər Ermənistanda 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra baş verən hadisələrin təkrarlanacağından ehtiyat edirlər.
Xatırladaq ki, 2008-ci ildə saxtakarlıqla prezident seçilən S.Sarkisyana qarşı etiraz edən xalq polis tərəfindən zorakılığa məruz qalmış və 10 nəfər qətlə yetirilmişdi.