SİYASƏT
ERMƏNİSTANIN GƏNC SİYASƏTÇİLƏRİ ETİRAF EDİRLƏR Kİ, DÖVLƏTLƏRİNİN İNKİŞAFI DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏN ASILIDIR
Bakı, 2 sentyabr (AZƏRTAC). Konrad Adenauer Fondunun layihəsi əsasında Almaniyada Cənubi Qafqaz dövlətlərinin gənc siyasətçiləri üçün keçirilən treninq kurslarında iştirak etmiş Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndəsi Ramin Məmmədov demişdir ki, gənc erməni siyasətçiləri etiraf edirlər ki, Dağlıq Qarabağ probleminin həll olunmaması Ermənistanı regional layihələrdən kənarda qoymuşdur.
R.Məmmədov bildirmişdir ki, Almaniyanın “Deutsche-Welle” kanalında “Cənubi Qafqazda baş verən münaqişələr və münaqişələrin həllində təhlükəsizlik amili” mövzusunda keçirilmiş tele-debatda Ermənistan tərəfdən iştirak edən Milli Liberal, Respublikaçılar partiyalarının və Ermənistan Gənclər Şurasının nümayəndələri etiraf etmişlər ki, münaqişə həll edilməyincə, Ermənistanın inkişafı baş tutmayacaqdır.