REGİONLAR
Ərzaq təhlükəsizliyi torpaqlardan səmərəli istifadədən başlanır
Kürdəmir, 7 mart (AZƏRTAC). Bu gün Kürdəmir rayonunda torpaqlardan səmərəli istifadə olunması, indiyədək yararsız hesab edilən sahələrin əkin dövriyyəsinə qatılması xüsusi diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, bununla ələqədar rayonda mövcud imkanlardan səmərəli istifadə edilməsinə başlanılmışdır. Bu, əslində taxıl və digər kənd təsərrüfatı məhsulları istehsalının artırılması, nəticə etibarı ilə ölkənin ərzaq təhlükəsizliyi üçün sanballı töhfədir. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Əşrəf Şükürov demişdir ki, son illər Kürdəmirdə, 30-35 min hektarı taxıl olmaqla, 52 min hektar torpaq sahəsindən istifadə olunur. Lakin araşdırmalar göstərir ki, indiyədək yararsız hesab edilən 20 min hektardan çox sahəni əkin dövriyyəsinə qatmaq olar. Artıq keçən ildən bu istiqamətdə tədbirlərə başlanılmışdır. Uzun illərdən bəri yararsız sayılan 2 min hektaradək sahə təmizlənərək əkinə yararlı vəziyyətə gətirilmişdir.
Aparılmış araşdırmalar nəticəsində erroziyaya uğramış, şoranlaşmış, meliorasiya tədbirlərinə ehtiyacı olan 14 min 200 hektar sahə müəyyənləşdirilmiş və əkin dövriyyəsinə qatılması üçün təkliflər hazırlanmışdır.
Rayonda iri taxıl toxumçuluğu təsərrüfatları yaratmaq üçün əlavə imkanlar da müəyyənləşdirilmişdir. Belə ki, suvarma şəraiti olan, örüş məqsədi ilə səmərəli istifadə edilməyən 10 min hektaradək qış örüş sahəsi mövcuddur ki, bu ərazilərin də əkin dövriyyəsinə qatılması məqsədi ilə aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmışdır.