İQTİSADİYYAT
Əsaslı təmir olunmuş dəmir yollarının uzunölçülü relslərlə əvəz olunması davam etdirilir
Bakı, 24 dekabr, AZƏRTAC
Əsaslı təmir olunmuş yolların 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunması prosesi davam etdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, 800 metrlik uzunölçülü relslərin hazırlanması prosesinə start veriləndən (22 fevral 2012-ci ildən) bu günə kimi 532 kilometr rels qaynaq edilib, bunun 394,7 kilometri Azərbaycanın dəmir yollarında, 137,3 kilometri isə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsinin tikintisində istifadə olunub.
2015-ci ilin oktyabr ayından Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunmasına başlanılıb. Bu yolların da 800 metrlik uzunölçülü relslərlə əvəzlənməsi prosesi həyata keçirilir.