DÜNYA
Etiket genlərimizdə yaşayır
Bakı, 20 aprel (AZƏRTAC). Nə üçün bəzi insanlar donor olur və qonşularını dadlı şirniyyata qonaq edir, bəziləri isə dedi-qodu və qeybətlə məşğul olur, daim münaqişə yaradırlar? Buffalo və Kaliforniya universitetlərinin alimləri hesab edirlər ki, bunun səbəbi gen və hormonların kombinasiyasında gizlənmişdir.
Hesab edilir ki, insanların bir-birinə münasibətinə oksitosin və vazoressin hormonları təsir göstərir. Laboratoriya testləri göstərmişdir ki, insanlar tərkibində oksitosin olan aerozol udanda daha ünsiyyətcil və iqtisadi məsələlərdə daha uğurlu olurlar. Lakin bu mövzuda irimiqyaslı tədqiqatlar hələlik aparılmamışdır.
Yeni araşdırmada alimlər oksitosin vurmaq əvəzinə diqqəti hormonların biologiyasına cəlb etmişlər. Hormonlar hüceyrələrdəki reseptorlarla əlaqə yaratmaq yolu ilə işləyir və müxtəlif formalarda olur. Məsələn, oksitosin reseptorunun iki, vazopressinin isə daha çox forması vardır. Araşdırmada 711 könüllü iştirak etmişdir. Onlara vətəndaşlıq borcuna dair “Vergi ödəmək, cinayət barədə məlumat vermək lazımdırmı? Ətrafınızdakılar yaxşı, yoxsa pis insanlardır? kimi müxtəlif suallar vermişlər. Bununla yanaşı, DNT analizi aparmaq üçün rəyi soruşulanların tüpürcəyinin nümunəsi götürülmüş və oksitosin və vazopressin reseptorlarının hansı formada olduğu müəyyənləşdirilmişdir.
Məlum olmuşdur ki, dünyaya mənfi yanaşan və çox az hallarda başqalarına kömək edən insanların ətrafdakılara müsbət və lütfkar münasibətlə bağlı reseptorlarının forması yoxdur. Genin “müsbət” versiyası bütün dünyanın təhlükələrdən, yalan və zorakılıqdan ibarət olması hissini dəf etməyə kömək edir. Tədqiqatın nəticələri genlərlə sosial davranış arasındakı birbaşa əlaqəni təsdiq etmir. DNT və sosial davranış arasında əlaqələrin böyük hissəsi çox mürəkkəbdir və reseptorun formasından daha dərin məsələdir.
Lakin səxavətlilik, qayğıkeşlik, vətəndaşlıq hissi və s. kimi məziyyətlər müəyyən genlərlə əlaqədardır və bu da göz qabağındadır. Gələcəkdə insanın tərbiyəlilik dərəcəsini sadə DNT-testinin köməyi ilə müəyyən ediləcəyi istisna deyildir.