Ev sahibi özü oğrunu zərərsizləşdirmişdir
Bakı, 11 fevral (AZƏRTAC). Fevralın 10-da 2-ci Zabrat qəsəbə sakini Fariz Qafarov Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə zəng edərək evinə girmiş oğrunu saxlaması barədə məlumat vermişdir.
Çevik Polis Alayının əməkdaşları dərhal hadisə yerinə gəlmiş, oğurluğa cəhd göstərmiş Şəmkir rayon sakini Rasim Hüseynovu yaxalayaraq Sabunçu Rayon Polis İdarəsinə təhvil vermişlər.
Sədərək Ticarət Mərkəzində isə İlqar Məmmədova məxsus mağazadan 450 manat dəyərində gödəkcəni oğurlamağa cəhd göstərmiş Sumqayıt şəhər sakini Rüfət Hüseynov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. O, Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsinə təhvil verilmişdir.
Sevda Səmədovanın evindən 300 avro, 4000 manat pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakıxanov qəsəbə sakini Rauf Nəsrəddinovu isə Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsinin əməkdaşları yaxalamışlar.
Zeynəb Məmmədovaya məxsus kafedən 480 manat pulu oğurlamaqda şübhəli bilinən Rəvan Cəfərov Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla əlaqədar araşdırma aparılır.