İQTİSADİYYAT
“Experience” jurnalı Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunda tətbiq olunan proqramdan yazıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunda tətbiq olunmuş “CADMATIC” proqramı ilə bağlı beynəlxalq “Experience” jurnalında məqalə dərc edilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə QSC-yə məxsus Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunda 2017-ci ildən bəri “AXDG”nin rəhbərliyinin dəstəyi ilə “CADMATIC” proqramından istifadə edilməyə başlandığı qeyd olunub. Yazıda deyilir ki, bu proqram təminatı institutun işinin keyfiyyətini artırır, gəminin tikilməsi üçün tələb olunan texniki sənədləri sürətli hazırlamağa imkan verir. Bu gün institut gəmi və hidrotexniki qurğular layihələndirir, onların sənədləşdirilməsini həyata keçirir.
Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunun direktoru Oyrad Abdullayev qeyd edib ki, onlar “CADMATIC” proqramını təkcə asan istifadəsinə görə seçməyiblər: “Bu proqram təminatı digər dizayn sistemləri ilə müqayisədə daha sürətli və dəqiqdir. “CADMATIC” dəniz dizayn sahəsində ən yaxşı həllərdən biridir. Onun istifadəsi və tətbiqi effektivdir. Proqram instituta gəminin 3D formatında modelini formalaşdırılmasına imkan verir”.
İnstitut “CADMATIC” proqramından istifadə edərək sonuncu dəfə çoxfunksiyalı yedək gəmisi hazırlayıb. Gəmi tək göyərtəyə malikdir. Beş su keçirməyən bölmədən və maşın şöbəsindən ibarətdir.
“CADMATIC” layihə sənədlərini tez istehsala göndərməyə imkan verir. Əvvəllər bu daha çox vaxt tələb edirdi. Başqa sözlə, “CADMATIC” işi asanlaşdırır, vaxta qənaət etməyə imkan verir və dəyişikliklərin yoxlanmasını sürətləndirir. İndi model və təsvirlər arasında sinxronizasiya paralel həyata keçirilə bilər.
İnstitut “CADMATIC”in “eBrowser” dizayn baxış vasitəsini də istifadə edir. Bu, istifadəçilərə üçölçülü modeldən keçməyə, bir neçə modeli birləşdirməyə və ya müqayisə etməyə imkan verir. Hər hansı blok və nəzarət dəyişiklikləri haqqında məlumatları asanlıqla tapır və təsdiqləyirik. İnstitut gələcəkdə gəmilərin layihələndirilməsi ilə bağlı sifarişlərin çoxalmasını nəzərə alaraq “CADMATIC” lisenziyalarının sayını artırmaq niyyətindədir.
O.Abdullayev deyir ki, “CADMATIC” nə qədər mükəmməl olsa da, proqram təminatı bir alətdir. Buna görə də layihələndirmə prosesində təcrübəli kadrlardan istifadə olunur. İnstitutda gəmilərin proqram təminatının tətbiqinin təşkilində donanmanın texniki direktoru Nurməhəmməd Talıbovun və “Dəniz Mühəndisliyi Bürosunun” baş direktoru Genadiy Eqorovun xüsusi dəstəyi və zəhməti var.