İDMAN
Federasiya prezidenti: Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı istiqamətində gördüyü işlər bu gün öz bəhrəsini verir
![Federasiya prezidenti: Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı istiqamətində gördüyü işlər bu gün öz bəhrəsini verir](/files/2024/2/1200x630/17184314561768226830_1200x630.jpg)
Bakı, 15 iyun, AZƏRTAC
“Xalqımızın böyük oğlu, böyük rəhbəri Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 1993-cü il iyunun 15-də xalqımızın təkidli tələbi və yenilməz iradəsi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi respublikamızın siyasi tarixində çox mühüm mərhələnin başlanğıcı oldu. Ümummilli Liderin gərgin fəaliyyəti, böyük səyləri sayəsində ölkədə vətəndaş həmrəyliyinə nail olundu, ictimai-siyasi sabitlik bərqərar olundu, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, həm də bugünkü yüksəlişin təməlini qoydu”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında idman siyasəti üzrə ekspert, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev bildirib.
O bildirib ki, xalqımız 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə, sonsuz qürur hissi, Qələbə ovqatı ilə qeyd edir: “Ümummilli Liderin ən çox görmək istədiyi bütöv və qüdrətli Azərbaycan arzusu reallaşıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində möhtəşəm Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub. 44 günlük Vətən müharibəsində biz sağlam, igid, qəhrəman bir nəslin yetişdiyini, onların dövlətimizin başçısının ətrafında bir yumruq kimi birləşdiyinin şahidi olduq. Müqəddəs torpaqlarımız, Vətənimiz uğrunda döyüşdə onlar bir an belə tərəddüd etmədən, qələbə naminə canlarını qurban verdilər. Dövlətimizin başçısı Vətən müharibəsində gənclərimizin xidmətlərini yüksək dəyərləndirərək demişdi: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.
Federasiya rəsmisinin sözlərinə görə, bu gün gənclər haqlı olaraq fəxr edirlər ki, azad, özünə güvənən, qalib Azərbaycanın vətəndaşlarıdırlar: “Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb. Son illər bütün sahələrdə, o cümlədən idmanın inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verməyə başlayıb. Təmsilçilərimizin beynəlxalq arenalarda keçirilən mötəbər yarışlarda qazandıqları qələbələr idman şöhrətimizi daha da artırır. Bu gün paytaxt Bakı ilə yanaşı, həm də regionlarımızda yaradılmış müasir idman infrastrukturu bu sahənin inkişafına güclü təkan verir. Təsadüfi deyil ki, ölkəmizdə 1-ci Avropa, İslam Həmrəyliyi oyunları, Formula 1 yarışları, dünya, Avropa çempionatları və bir sıra mötəbər turnirlər yüksək səviyyədə təşkil edilib”.
Qüdrət Nuriyev sonda qeyd edib ki, ölkəmizdə hər bir sahədə böyük nailiyyətlər, məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla davam etdirilməsi sayəsində qazanılır: “Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Xalqımız əmindir ki, əldə etdiyimiz böyük uğurların, tarixi Zəfərin işığında daha yüksək zirvələr fəth edəcəyik”.