İDMAN
Fərid Mansurov AGF-nin vitse-prezidenti təyin edilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Bir müddət əvvəl yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi vəzifəsindən istefa verən Fərid Mansurov Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti təyin olunmuşdur.
AZƏRTAC xəbər verir ki, federasiyanın baş katibi Əjdər Cəfərovun verdiyi məlumata görə, AGF-nin prezidenti Fazil Məmmədovun əmri ilə olimpiya və ikiqat dünya çempionu gənclər üzrə vitse-prezidenti kimi fəaliyyət göstərəcəkdir.
“Fərid Mansurov bir müddət əvvəl baş məşqçi postundan öz ərizəsi ilə istefa vermişdi. Onun əldə etdiyi nailiyyətlərin Azərbaycanın idman tarixində özünəməxsus yeri var. İstefa verərkən belə, o, güləşin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. AGF rəhbərliyi də Fərid Mansurovun güləşin gənclər arasında daha geniş təbliğinə və bu idman növünün gələcək inkişafına öz bilik və bacarığını sərf etməsi üçün bu addımı atıb” - deyə Əjdər Cəfərov bildirib.