İQTİSADİYYAT
Fermerlər əkəcəyi toxumların keyfiyyəti ilə bağlı geniş məlumata malik olmalıdırlar
Bakı, 25 iyul, AZƏRTAC
Fermerlər əkəcəyi toxumların keyfiyyəti ilə bağlı geniş məlumata malik olmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov mətbuat konfransında deyib.
O, bildirib ki, bəzən mənşəyi məlum olmayan, müəyyən xəstəliklərə yoluxan taxıl toxumu alınaraq əkilir və nəticədə istehsal edilən məhsulun keyfiyyəti aşağı düşür, fermer itkilərə məruz qalır.
“Yalnız taxıl deyil, digər kənd təsərrüfatı bitkilərinin alınaraq əkilməsi sahəsində də fermerlər diqqətli olmalı, aldığı toxumun sertifikatını tələb etməli, lazım gəldikdə isə dövlət xidmətinin regional toxum sertifikatlaşma mərkəzinə müraciət edərək, onun keyfiyyəti ilə bağlı müfəssəl məlumat almalıdırlar”,- deyə dövlət xidmətinin rəisi vurğulayıb.