MƏDƏNİYYƏT
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş mədəniyyət xadimlərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.
Bildirib ki, yaradıcı əməyin dövlət səviyyəsində qiymətləndirilməsi ənənəsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Anar Kərimov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daim mədəniyyətimizi dünyada təbliğ edir, mədəniyyət xadimlərinə qayğı göstərir: “Mədəniyyət xalq üçün ən vacib strateji sahədir. Onu dərin bur məfhum kimi görürük. Biz mədəniyyətin cəmiyyətin inkişafına təsirini artırmalıyıq. Mədəniyyət bizim üçün təkcə əyləncə deyil, həm də təhlükəsizlikdir. Bu insanlar mədəniyyət sahəsinin əsgərləridir. Hər biri öz sahəsində önəmli fəaliyyətlə, mədəniyyətin inkişafı ilə məşğuldur. Mədəniyyətsiz cəmiyyət güclü və möhkəm ola bilməz”.
Nazir bütün mədəniyyət və incəsənət xadimlərini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib və müstəqilliyimizin qorunmasında mədəniyyətin böyük rolu olduğunu vurğulayıb.
Daha sonra Anar Kərimov orden və medalları sahiblərinə təqdim edib.
Mükafata layiq görülənlər çıxışlarında ölkə rəhbərliyinə yaradıcılıqlarına göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.